“International Business Times” nəşrində Xocalı faciəsinin 30-cu
ildönümünə həsr olunmuş məqalə dərc olunub.
Trend xəbər verir ki, “30 il sonra Xocalı faciəsinə dair
xatirələr“ sərlövhəli məqalədə həmin faciənin canlı şahidi, Xocalı
sakini Dürdanə Ağayevanın xatirələri yer alıb.
D.Ağayeva həmin müdhiş gecədə baş verənləri oxucuların diqqətinə
çatdıraraq, erməni dəstələrinin heç bir fərq qoymadan dinc əhalini
qətlə yetirdiyini, qadın və uşaqları süngüyə keçirdiyini, qocaları
güllələdiyini yazır. Ermənilər tərəfindən əsir götürülən 20 yaşlı
Dürdanə Xocalının əsas telefon stansiyasında telefonçu işlədiyinə
görə xüsusilə ağır işgəncələrə məruz qalıb. O qeyd edir ki, bu günə
qədər əsirlikdə sağlamlığına vurulan zərərdən əziyyət çəkir. Onunla
saxlanılan bir çox əsirdən daha şanslı olduğunu və o vaxt siqaret
və benzin müqabilində Azərbaycan tərəfinə qaytarılır.
Müəllif diqqətə çatdırır ki, həmin hadisələrdən 30 il keçməsinə
baxmayaraq, Azərbaycan xalqı Xocalı soyqırımını unutmur. Çünki onun
da daxil olduğu nəsil öz ölkəsinin hüdudları daxilində didərgin
həyatı yaşamağa məcbur oldu, öz evlərinə dönə bilmədilər.
Qeyd edilir ki, oxucuların çoxu Qarabağ münaqişəsi haqqında
məlumatlı olsalar da, Xocalı faciəsi barədə bəlkə də ilk dəfə xəbər
tuturlar. Xocalı həmin müharibə zamanı törədilmiş çoxsaylı
vəhşiliklər sırasında yer alırdı, lakin ən qəddar və qansızıdır.
Fevralın 25-dən 26-a keçən gecə öldürülən günahsız insanlar barədə
məlumat verən müəllif diqqətə çatdırır ki, “Human Rights Watch“
Xocalı hadisələrini “münaqişədə indiyə qədərki ən böyük qırğın”
adlandırmışdı. “Bu günə qədər” ifadəsi düzgün idi, çünki onun
ardınca başqa faciələr də törədildi. Ermənistanın o vaxtkı müdafiə
naziri və daha sonra prezidenti açıq şəkildə etiraf etdi ki,
Qarabağdakı azərbaycanlıları məhv etmək məqsədilə bu qətliamı
törətmək üçün mütəşəkkil bir plan olub.
D.Ağayeva Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında
dərin iz buraxdığını yazır. Qeyd edilir ki, bu faciə dünyada
kifayət qədər tanınmır, çünki o zaman BMT-də bir sıra səssiz
etirazlar xaricində dünya ictimaiyyəti bu soyqırımına susdu. Bu
sükut bu günə qədər davam edir və hətta bu faciənin baş verdiyini
inkar edənlər də var.
Müəllifin sözlərinə görə, ötən əsrin sonunda Ruanda və
Srebrenitsada baş verən soyqırımlar fonunda Xocalıda öldürülənlərin
sayı bir çoxları üçün kiçik rəqəm təsiri bağışlayır. Həqiqətdə isə
Xocalı Afrika və Balkanlarda daha genişmiqyaslı soyqırımların ilk
xəbərdarlığı idi. Qərb dünyasının Xocalı soyqırımına etinasız və
səssiz münasibəti bu soyqırımın daha geniş miqyasda və
təkrar-təkrar baş verməsini təmin edən əsas şərtlərdən biri idi.
BMT soyqırımın kifayət qədər aydın izahını verib, lakin soyqırımlar
qarşısında insanların susması və onu görməzdən gəlməsi bu
hadisələrin təkrarlanmasına yol açır: “Məhz buna görə də biz
dünyada Xocalı soyqırımını tanımalı və onu xatırlamalıyıq. Bununla
da gələcək nəsillərə göstərməliyik ki, soyqırımın heç bir forması
diqqətdən kənarda qalmayacaq, soyqırımı törədənlər cinayət
əməllərinin gizli qalacağına ümid etməsinlər”.
Yekunda qeyd edilib ki, Xocalı soyqırımının 30-cu ildönümündə
ədalətin bərpası əsas məsələdir: “Bu hadisədən üç onillik keçsə də,
ədalətə nail olmaq olarmı? Sərəncam verənlər azadlıqdadırlar və bu
gün hətta Ermənistanın siyasi həyatında yüksək vəzifələr tuturlar.
Onlardan ikisi prezident oldu”.
Sonda müəllif ümidvar olduğunu ifadə edib ki, bir gün gələcək və
Xocalı sakini kimi öz doğma torpağına geri dönəcək və hazırda
ədalət bərqərar olmasa da, xalqlar arasında barışıq mümkün
olacaq.