Millət vəkili Könül Nurullayevanın Avropanın ən nüfuzlu media resursu olan “The Parliament Magazine“ portalında “Xocalı soyqırımı – bəşəriyyət əleyhinə cinayət” başlıqlı məqaləsi dərc edilib.
AzerTimes-ın məlumatına görə, məqalədə I Qarabağ müharibəsinin ilk illəri, ermənilərin Azərbaycana məxsus tarixi torpaqlarda həyata keçirdiyi etnik təmizləmə siyasətindən bəhs olunur. Qeyd olunur ki, 1991-cı ilin oktyabrından artıq Xocalı blokadada idi və 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə Xocalı şəhərini darmadağın etdilər. Bir gecədə 63-ü uşaq olmaqla 613 nəfər qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. “56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Onların hamısı azərbaycanlı idi.
Qətllər “Human Rights Watch” və “Memorial” insan haqları təşkilatları tərəfindən də sənədləşdirilmişdir. Hadisə yerinə gələn beynəlxalq Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri isə gördüklərindən dəhşətə gəlmişdi. XX əsrin ən qorxunc faciələrindən biri yaşanmışdı. Xocalıda baş verənlər dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımlarından heç nə ilə fərqlənmirdi”.
K.Nurullayeva məqalədə Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2000-ci ildə, britaniyalı jurnalistə müsahibəsində Xocalıda azərbaycanlıları öldürməklə “ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olması”na dair stereotipin qırılması etiraflarını xatırladır. Bu etiraf Xocalıda baş verən insanlıq əleyhinə cinayətin düşünülmüş və məqsədli şəkildə baş verdiyini təsdiqləyən faktlardan biri kimi qeyd edilə bilər. Məqalədə son 29 ildə soyqırımın beynəlxalq miqyasda öz ədalətli hüquqi qiymətini alması istiqamətində atılan addımlara toxunulur.
Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının dünya miqyasında təbliğinin nəticə verdiyi qeyd olunur. Bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib: “Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi yad edilir. Demək olar ki, bütün dünya Xocalıya ədalət tələb edir.”
K.Nurullayeva həmçinin 44 günlük Vətən Müharibəsinin, Azərbaycanın böyük qələbəsinin regionda yaratdığı yeni reallıqlara da diqqət çəkib. Qeyd edib ki, artıq regionda davamlı sülhün təmin olunması üçün münbit şərait yaranıb: “Ermənistan yaranmış vəziyyəti düzgün qiymətləndirməli, həm xalqlarımız, həm də regionumuz üçün ağır izlər buraxan 28 illik işğal siyasətinin vurduğu zərbələrdən nəticə çıxarmalıdır”.
İngilisdilli məqalə ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz:
Vebsayt: https://www.theparliamentmagazine.eu/news/article/the-khojaly-genocide-a-crime-against-humanity-22917
Tvitter: https://twitter.com/Parlimag/status/1365257803514978308?s=20
Facebook: https://www.facebook.com/TheParliamentMagazine/posts/10164734627490234
LinkedIn: https://www.linkedin.com/feed/update/urn:li:activity:6771023744992391168