Xocalı faciəsinin ildönümü ilk dəfədir ki, başıuca formada qeyd olunur – Alim

Xəbər - İlhamə İsabalayeva – Trend:

26 fevral tarixi – Xocalı faciəsinin növbəti ildönümü ilk dəfədir ki, boynubükük deyil, başıuca formada qeyd olunur.

Bunu AzerTimes-a AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu strateji siyasəti, Azərbaycan əsgərinin igidliyi və Azərbaycan xalqının dəstəyi ilə gerçəkləşdi.

Alim qeyd edib ki, ermənilər 1992-ci il fevraın 17-də törətdikləri Qaradağlı faciəsindən sonra daha geniş miqyasda qətliam törətməyi planlaşdırırdılar. Ermənilərin Xocalı faciəsini törətməkdə bir neçə məqsədi var idi. Bunların birincisi uğursuz Daşaltı əməliyyatından sonra Şuşanın mühasirəsini asanlaşdırmaq idi. İkinci məqsəd Xocalı faciəsini törədərək buradakı hadisələri lentə almaq və onu dünyaya fərqli formada – guya azərbaycanlılar ermənilər qırıblar kimi təqdim etməkdən ibarət idi. Onlar Xocalının azərbaycanlı sakinlərini dünyaya erməni kimi təqdim etmək istəyirdilər ki, buna nail ola bilmədilər. Üçüncü məqsəd isə Xocalıda qırğın törətməklə azərbaycanlılara həm ermənilərin vəhşiliklərini əyani şəkildə göstərmək, həm də onların gözünü qorxutmaq idi.

B.Quliyev əlavə edib ki, ermənilər buna bənzər, insaniyyətlikdən uzaq taktikanı 44 günlük Vətən Müharibəsi zamanı da Bərdə və Gəncə faciələrini törədərək tətbiq etməyə cəhd etdilər, lakin buna nail ola bilmədilər.

Tarixçinin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saat 9-da başlayan Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar, əvvəl SSRİ-yə, indi isə Rusiyaya məxsus olub Xankəndində yerləşən və komanda – zabit heyətinin 2/3-si ermənilərdən ibarət olan 366-cı motoatıcı alayı da iştirak edirdi.

B.Quliyev deyib ki, Xocalı soyqırımı ermənilərin nəinki azərbaycanlılara, bütün bəşəriyyətə qarşı törətdikləri ən dəhşətli cinayət hadisəsidir. Çünki bu hadisə dünya mediasının gözü qarşısında baş vermiş və həmişəki kimi dünya mediası, xüsusən də Qərb mediası bu hadisələr qarşısında lal, kar və kor davranışı sərgiləmişdilər:

“Açıq formada məlum idi ki, başqaları bizə ədalətli davranmayacaqdı və biz özümüz ədaləti bərpa etməli idik. Soyqırımın dünyaya tanıdılması yönündə uğurlu addımlar atılsa da, içimizdə olan ağrı dinmək bilmirdi, ta 27 sentyabr 2020-ci il Vətən Müharibəsinin başlandığı günə qədər. Vurğulamaq lazımdır ki, hələ 90-cı illərdə Xocalı soyqırımının baş verməməsi üçün Əlif Hacıyev 22 nəfərlik, Tofiq Hüseynov isə 150 nəfərədək dəstə ilə əllərindən gələni etmiş, lakin bəzi səbəblərdən buna nail ola bilməmişdilər. Hər iki qəhrəmanımızın, eləcə də Xocalı soyqırımına məruz qalan insanlarımızın qisasını Vətən müharibəsi zamanı almış olduq. “Dəmir Yumruq” ilə Qarabağı Azərbaycan birləşdirən Azərbaycan əsgəri Xocalının da 29 illik ağrısını xəfiflətdi”.

Xatırladaq ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri ermənilərin rus əsgəri ilə birlikdə həyata keçirdikləri dəhşətli hərbi əməliyyat nəticəsində işğal olundu. Nəticədə 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 nəfər dinc sakin – uşaq, qadın və qoca girov götürülərək, ağlasığmaz işgəncələrə məruz qaldı. Xocalı soyqırımı nəticəsində 7 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini, 200 ailə isə öz başçısını itirmişdi. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indiyədək məlum deyil.

Teqlər: