Xocalı cinayətinə görə məsuliyyət daşıyanların hüquq qarşısında cavab verməsini gözləyirik – Yalçın Topçu (VİDEO)

Xocalı cinayətinə görə məsuliyyət daşıyanların hüquq qarşısında
cavab verməsini gözləyirik.

Bunu Trend
açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu
deyib.

Y.Topçu vurğulayıb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə
yerləşən 366-cı motoatıcı alayının köməyi ilə rəsmi məlumatlara
əsasən, Xocalıda 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olmaqla 613
Azərbaycan türkünə qarşı soyqırım tətbiq edib.

“Bəşəriyyətə qarşı işlənmiş bu cinayətdən 487 nəfər ağır yaralı
vəziyyətdə xilas olsa da, əsir alınan 1 275 nəfərin 150-dən
bugünədək heç bir xəbər alınmayıb. Erməni diasporunun dəstəklədiyi
ASALA terror təşkilatının qatilləri ilə birgə Ermənistan
rəhbərliyinin Azərbaycan türklərinə qarşı beynəlxalq hüquq
normalarını tapdalayaraq soyqırım cinayətini həyata keçirdiyi yerin
adıdır Xocalı! “, – deyə o bildirib.

Y.Topçu, həmçinin o hadisələrdən sonra Ermənistanın sabiq
prezidenti o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj
Sarkisyanın verdiyi müsahibəni xatırladıb: “Sarkisyan Britaniya
jurnalisti Tomas de Vaala müsahibəsində demişdi: “Xocalıdan qabaq
azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra
bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq”. Və bu cür
qandondurucu açıqlamaya bütün dünya, BMT Təhlükəsizlik Şurası da
susqun qalmışdı”, – o deyib.

“20-ci əsrdə Ermənistan rəhbərliyinin əmri ilə soyqırım
cinayətinin işləndiyi, 9 yaşlı yaralı qızın yanan ocağa atıldığı
Xocalını unutmayacağıq, unutdurmayacağıq! Bəşəriyyətə qarşı
işlənmiş bu cinayətə görə məsuliyyət daşıyanların hüquq qarşısında
cavab verməsini gözləyirik, şəhidlərimizi rəhmətlə anırıq”, –
Y.Topçu əlavə edib.

Teqlər: