O gün Feysbukda bir video – dəyərli dostum və həmkarım Rauf Arifoğlunun qızının toyundan bir fraqment paylaşdım. Bu, Qənirə Paşayeva ilə son görüşümüz idi. Təbii, onda bilmirdik son görüş olduğunu. Hardan bilə bilərdik…
O gün Qənirəni salona daxil olan kimi görmüşdüm. Sövq-təbii ilə qalxıb qabağına yerimək, görüşüb hal-əhval tutmaq istədim. Amma fürsət olmadı. Gözlərimizlə salamlaşdıq. Uzaqdan bir-birimizə baxıb gülümsədik. İndi bu sətirləri yazarkən o qədər peşmanam ki, niyə yaxınlaşmadım, niyə bağrıma basmadım, niyə ətrini içimə çəkmədim, niyə əhvalını soruşmadım…
Sonra rəqs edərkən özü hamımıza yaxınlaşıb görüşdü. İndi düşünürəm ki, sanki vidalaşırmış bizimlə – özü də bilmədən, biz də fərqində olmadan…
Bu görüşdən bir neçə gün sonra komaya düşdüyü, xəstəxanada ağır vəziyyətdə yatdığı xəbərini aldıq. Xəbəri öyrənər-öyrənməz xəstəxanaya qaçdım. Bütün dostlar, qohumlar oradaydı, hər kəs məhzun baxışlarla onu arayırdı, o isə… heç öyrəşmədiyimiz şəkildə yox idi. Hamı gözünü həkimlərə dikmişdi. Həkimlər nə vaxt adamı ürəkləndirir ki! Ümidverici heç nə demirdilər.
Amma mən inanırdım, inanmaqdan da daha çox inanmaq istəyirdim ki, sən yaşayacaqsan, Qənirə. Baxmayaraq ki, Kamran doktorun da, Rəşad Mahmudovun da gözlərinin dərinliyindəki solğun kədər hər şeyi deyirdi. Ancaq neqativ heç bir fikri yaxınıma buraxmaq istəmirdim. Biz axı eyni yaşdayıq. Özümü həyata bu qədər sevgiylə dopdolu hiss edərkən mənim həmyaşıdım – özü də sən, Qənirə, necə ölə bilərsən axı!? Ölüm bu məqamda o qədər vaxtsız, yersiz, acımasız idi ki! Həm də sənin güclü olduğuna çox inanırdım. Mənim gördüyüm, bildiyim, tanıdığım Qənirə hamıdan və hər kəsdən çox güclü və dözümlüydü. Onu heç bir xəstəlik yenə bilməzdi. Ölümün hünəri çatardımı o ruhun sahibinə?..
Qənirə Paşayevadan nə əvvəl, nə də sonra bu qədər möhkəm, enerjili, çalışqan, yorulmaq nədir bilməyən birini görmədim, tanımadım, rast gəlmədim. Usanmadan işləyirdi, başqaları yatanda, dincələndə – o işləyirdi. Dəfələrlə xarici ölkələrdə səfərdəykən şahidi olmuşdum: hamı, hər kəs tükənə bilirdi, Qənirə yox. Onun tükənməz enerjisi heyrətamiz idi… İndi düşünürəm ki, bəlkə də ömrü qısa olacaqmış deyə, o qədər güclüymüş. Bəlkə də 48 illik ömürə 90 ilin işini, missiyasını, görəvini sığdırırmış, sadəcə, biz fərqində deyilmişik…
Bir günə, 24 saata nə qədər iş sığdıra bilirdi Qənirə. Bəzən bir günlük iş saatı ərzində saytlarımızın elektron poçtuna səkkiz-on xəbər göndərirdi köməkçiləri. Nəzərə alanda ki, bu görüşlər, toplantılar, iclaslar cəmi bir iş günü ərzində baş verib və Qənirə bütün bunları çatdırıb, adamlarla da görüşüb, iclas və toplantılarda da iştirak edib, TV-lərə müsahibə də verib, hətta özü də yazı yazıb – təəccüblənməmək mümkün deyildi. Hələ gün ərzində qeyri-rəsmi görüşlər, telefon zəngləri, xahişlər, istəklər… Qənirə bütün bunları necə çatdırırdı, bilmirəm, amma çatdırırdı. Hamının, hər kəsin dadına çatırdı. Hamının, hər kəsin, hamımızın, hər birimizin həyatında bir Qənirə vardı, bir dost, həyan vardı, onun necəsə həyatımıza, ömrümüzə, könlümüzə incə bir toxunuşu vardı. Dağ kimi dayanardı yanımızda, arxamızda… Tez-tez görüşməzdik, amma aramızda bir telefon zəngi qədər məsafə vardı. O, Mərkəzi Klinikada yatarkən o qədər ürəyimdən keçirdi ki, zəng edim və həmişəki gözəl səsini eşidim, “Hə, bacı…” desin, Dağ kimi uca, su kimi incə və doğma bir səs eşidim. Biz axı onu bütün incəliyi və zərifliyilə görməyə öyrəşmişdik. Dağ kimi güclü, çiçək kimi incə…
Və indi o Dağ boyda yer boşdur həyatımızda və bizə böyük dağdır. O zərifliyin üzüntüsü çəkilməzdir. Məsələn, bircə ay öncə mənə Qənirənin yoxluğunu iliklərimə qədər hiss edəcəyimi, çox özləyəcəyimi, unuda bilməyəcəyimi desəydilər, təəccüblənərdim. O mənada ki, qəlbimizdə, ruhumuzda bu qədər özünə yer etməsini o anlarda yəqin ki, təsəvvür etməzdim.
Qənirə ictimai, siyasi, sosial həyatımızda öz möhürünü vurmuş, öz dəsti-xəttini yaratmış, özünəməxsusluğu, parlaq zəkası, sadəliyi, səmimiliyi ilə tamamilə yeni bir obraz yaratmış nadir şəxsiyyət idi. Bunun cismani sağlığında fərqinə varmırdıq. Çünki o, hər şeyi o qədər təbii surətdə həyata keçirirdi ki, sanki bir missiya idi, sanki hərbi xidmət idi və boyuna biçilmiş bu obrazı şövqlə, tükənməz enerji və eşqlə gerçəkləşdirməliymiş, hamımızın Qənirəmiz olmalıymış, hamımıza bəs edən qədər öndə, hər yerdə və hər yerdə öndə olmalıymış. Nə qədər qəribədir, hər yerdə olmaq və hər kəsə çatmaq çabası, onda niyə bizə asan gəlirdi? Qənirədirsə, hər şeyə vaxt da tapar, enerji də inancı nədən qaynaqlanırmış?
Kəlbəcərdə jurnalist həmkarlarımız minaya düşəndə dəfn mərasiminə – Məhərrəm İbrahimovun evinə tələsərkən orada ilk gördüyüm Qənirəydi. Məhərrəmin həyat yoldaşını bağrına basıb cənazə mərasimində yuxarı başda dayanmışdı. Sonra onun Prezidentin köməkçisi Hikmət Hacıyevə yaxınlaşmasını, jurnalistin yaşadığı şəraitsiz koma ilə bağlı ricasını də eşitdim. Prezidentə bu barədə məlumat verməsini xahiş edirdi. Daha sonra isə Sumqayıta – digər şəhid həmkarımız Sirac Abışovun dəfn mərasiminə getməyə hazırlaşmasını izləyərkən bu qədər yükü necə əsalətlə, təmkinlə daşıya bilməsinə də heyrətlənmişdim…
Bir də Şuşada Xarıbülbül Musiqi Festivalında görüşmüşdük. Həmişəki məğrur Qənirəydi. Amma zəiflədiyi hiss olunurdu onda, xeyli arıqlamışdı. Bəlkə də ilk dəfəydi ki, solğun görürdüm onu. Amma büruzə vermək istəmirdi. Alışdığımız ruh yüksəkliyi ilə uzun boylu o gözəl qız yenə də ətrafa zəriflik və nəciblik yayırdı. O da tədbirin qonaqlarından biriydi, amma hamıya, hamımıza necə diqqət göstərirdi, necə xoşbəxt, necə pozitiv idi Şuşada olmağına. Özünü qonaq yox, ev sahibi kimi aparırdı. Və xatırlayıram ki, Qənirə əslində hər yerdə və həmişə beləydi. Türkiyədə də, Quzey Kıbrısda da, digər türk dövlətlərində də, Avropada da gördüyüm, eşitdiyim qədər, hamıdan, hər kəsdən seçilərdi. İstiqanlılığı, sevgisi ilə, insanlara diqqəti və qayğıkeşliyi ilə.
2009-cu ildə Quzey Kıbrısda birlikdə səfərdə olmuşduq. Növbəti ildə yenə Kıbrısa səfər edərkən Qənirə özü ilə bir kitab aparmışdı. Kıbrıs haqqında yazdığı bir kitabı orada görüşdüyümüz dövlət və hökumət nümayəndələrinə, kıbrıslı parlamentarilərə hədiyyə edəndə onlar da təəccüblənmişdilər Qənirənin operativliyinə və zəhmətkeşliyinə…
Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclaslarına gedərkən də yol yoldaşı olmuşduq. İclaslar bitər-bitməz hamı AŞPA binasını tərk etməyə tələsərdi. Qənirənin isə yeni görəvi başlayardı. Burada yaşayan soydaşlarımızla görüşlərə bir dəfə məni də dəvət etmişdi. Hər şeylə maraqlanırdı Qənirə. Strasburqdakı diaspor təşkilatlarımızın fəaliyyəti, aktivliyi və s. onun diqqətindəydi və kimin nə problemi olsaydı, onunla o qədər ərklə, rahatlıqla bölüşürdülər ki! Bəzən onların yanındaca Bakıya – müvafiq qurumlara zəng edər, problem hər nədirsə, həll etməyə çalışardı. Sanki bu da onun vəzifəsi idi.
Qənirənin yanında bir şeyə də alışmışdım. Birlikdə olduğumuz səfərlərdə tanımadığımız adamlar Qənirəni tanıyırdılar. Qənirəni sevirdilər, onunla görüşməkdən, şəkil çəkdirməkdən, onunla söhbət etməkdən qürurlanırdılar. Qənirə bizə də, onlara da yeni bir qadın parlamentari obrazı idi, türk qadınının güclü və təkrarsız obrazı… O, bunu türk telekanallarına verdiyi cəsarətli açıqlamaları, müsahibələri ilə qazanmışdı. İllər öncə onun Türkiyədə bir teledebatda erməni tarixçini necə sərrastlıqla susdurduğunu yəqin ki, heç vaxt unutmayacağıq. Bir xəbər proqramında aparıcının “Azərbaycan niyə Quzey Kıbrısın müstəqilliyini tanımır” sualına necə cavab verəcəyini həyəcanla izlədiyim də yadımdan çıxmaz: o qədər yerində və diplomatik cavab vermişdi ki! Bir dəfə isə AŞPA plenar sessiyasında erməniləri sanki snayper atəşi açırmış kimi susdurması gözlərimin önündədir və bütün bunlar sanki dünən idi və sanki əbədiyyətə qədər belə olacaqdı.
Qənirə Paşayeva – əyalətdə sadə bir ziyalı ailəsində böyümüş zəhmətkeş və vətənpərvər azərbaycanlı qızı ən mötəbər tribunalarda Azərbaycanın haqq səsi olacaqmış və bu səs heç vaxt susmayacaqmış…
Bütün bunları səndən sonra düşünmək, səni xatırlamaq, səndən bəhs etmək o qədər hüznlüdür ki, Qənirə! Mən sənin şeirlərini səndən sonra kəşf etdim. “Mən ana ola bilmədim, ana” misrasında nə qədər özünsən. Mən sənin ana olmaq istəməməyini də o şeirinlə anladım. Sən həmişə Övlad olmaq istəmisən, valideynlərinə də, ölkənə də, oğullarını Qarabağ uğrunda döyüşlərdə itirmiş şəhid analarına da. Bu sözlərimdə qətiyyən pafos yoxdur. Sən özünü heç düşünməmisən. Hamını, hər kəsi, hər şeyi düşünmüsən, hesablamısan, bircə özündən başqa. Sanki planlarında, arzularında özün olmamısan. Sən hamının qəhrəmanı olmusan, özünün olmamısan. Niyə, Qənirə? Sənə agah idimi tez gedəcəyin? Niyə çox sevdiyin Türkiyəni qarış-qarış gəzirdin? Ömrünün son aylarında doymaqmı istəyirdin sevdiyin məmləkətdən? Niyə “məndən sonra dostlar xatırlasın” deyirdin, bu xitabın kiməydi, o an kiminlə, kimlərlə dərdləşirdin, gözəl qız?
Səninlə keçmiş zamanda danışmaq nə qədər çətindir, bilirsənmi? Xatirindədir, Milandakı görüşümüz? O da aylar öncəydi. Qollarını geniş açıb üstümə gələndə elə fərəhlənmişdim ki! Uzaq, yad bir ölkədə doğma biri ilə rastlaşmaq necə gözəl duyğuymuş…
Biz səninlə Xankəndidə də rastlaşa bilərdik. Xəbərin varmı, Xankəndidə Bayrağımızın dalğalanmağından?!
Axı niyə demisən ki, “Xocalı alınsın, ondan sonra Allah da mənim canımı alsın”. Niyə özünə qarğamısan, gözəl qız?
Sən Vətən üçün canını fəda edəcək qədər ərdəmli və ürəkli idin, bilirəm. Amma həyatımızın ən gözəl məqamında – Xankəndinin, Xocalının, Əsgəranın, Ağdərənin addım səsləri eşidilərkən bir Azərbaycan sevdalısını itirmək necə böyük stressdir, ağrıdır, bilirsənmi?
İndi məzarından boylanan o şəkil özün boyda İşıqdır. Mən hər dəfə ordakı sənə baxanda fikirləşirəm ki, bu gözəllikdə də məzar olarmı?..
Məzar da bu qədər cazibədar və ehtişamlı olarmı?..
Məzarın həmişə işıqlı olsun, dostum…
Səni həmişə gözəl xatırlayacağam…