Yol çəkilişi zamanı Xızının Altıağac qəsəbəsi ərazisində bir neçə insan sümüyü və kəlləsi aşkar edilib və həmin sümüklər yol istismar idarəsinin işçiləri və yerli sakinlər tərəfindən basdırılıb. Bu fakt mütəxəssislərin narazılığına səbəb olub. Azərbaycan Milli EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq alim Qəhrəman Ağayev bunu yolverilməz hesab edir. Onun sözlərinə görə, bu, tariximizi basdırmaqdır, qədim mənəvi-maddi nümunələrimizi basdırmaqdır.
Alim tapılan sümüklərin yanından qara kül çıxdığını söyləyərək bu sümüklərin çox qədim dövrə aid olduğunu bildirdi. Onun sözlərinə görə, tikinti və inşaat işləri zamanı tapılan insan sümükləri və məişət əşyaları barədə yerli qurumlar və sakinlər ayıq olmalı, dərhal icra hakimiyyəti vasitəsilə Arxeologiya və Etnoqrafiya İnstitutu məlumatlandırılmalıdır.
Qəhrəman Ağayev bu işdə icra hakimiyyətlərinin xüsusən arxeoloqlara kömək etmələrinin vacibliyini önə çəkdi. Qusar icra hakimiyyətinin 2 ay əvvəl rayonda apardığı arxeoloji araşdırmalar zamanı arxeoloqlara xüsusi köməklik göstərməsini təqdirəlayiq hal hesab edən cənab Ağayev bu işdə bəzi icra hakimiyyətlərinin laqeyd münasibət göstərdiyini də açıqladı. Onun sözlərinə görə, belə qədim nümunələr tapılan kimi bütün qurumlar birgə səfərbər olunub EA-nın müvafiq institutlarını bu ərazinin araşdırılmasına cəlb etməlidir. Axı, çox qədim tariximiz olduğunu sübut edən nümunələri tədqiq etmədən necə basdırmaq olar? – deyə arxeoloq alim Qəhrəman Ağayev həyəcan təbili çalıb.
Xızı icra hakimiyyətindən isə bu barədə məlumatsız olduqları, faktı araşdırıb məlumat veriləcəyi bildirildi.