Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), FHN-in və DİN Daxili Qoşunlarının birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan verilən məlumata görə, 29 avqust tarixində hərbi hissənin ətrafına, 6 yaşayış evinə, 2 ferma ərazisinə, əkin sahəsinə, otlaq sahəsinə, Məşədi Həsən kənd qəbirstanlığının yaxınlığına, su kanalına, istixananın yaxınlığına və “telestudio” adlandırılan əraziyə baxış keçirilib, 83 ədəd partlamamış hərbi sursat və 227 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 3 680 615 kv.m ərazi yoxlanılıb.
Ümumiyyətlə, 3 gün ərzində 4 000 615 kv. m (400.06 ha) əraziyə baxış keçirilib, 119 ədəd partlamamış hərbi sursat və 264 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 536 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.