13 yanvar 2022-ci il tarixində ölkəmizin həyatında önəmli bir hadisə baş verdi. Bakıda Gülüstan sarayında Səudiyyə Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak ediblər. Təməlqoyma mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Cənab Prezident qeyd edib ki, “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti şox böyük əhəmiyyət verir”.
Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Bu stansiyanın gücü 240 meqavatdır və stansiya həm ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfə verəcək həm də eyni zamanda yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Qeyd olunan stansiyanın tikilməsi ilə bağlı Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən böyük sərmayədir. Stansiyanın külək enerjisindən əldə etdiyi 240 meqavatlıq güc 300 min evin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq ki, bu da ildə 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaqdır. Bu Stansiyanın işə salınması Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində istehsal olunan elektrik enerjisinin xüsusi çəkisinin 30 faizə çatdırılmasında mühüm töhfə olacaqdır. Bu layihə eyni zamanda “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” nın həyata keçirilməsində mühüm addımdır.
Rauf Əliyev
Milli Məclisin deputatı