Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Xırdalan şəhərində iki nəfərin ölümünə, bir neçə nəfərin isə ağır yaralanmasına səbəb olan kütləvi davada təqsirləndirilən Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay, Bahadır Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Bakı şəhər sakini Rəvan Mirzəyev bir xanımla Xırdalan şəhəri ərazisində olarkən həmin ərazidə yaşayan Xəlil Məmmədovla mübahisə edib. Hadisə nəticəsində X.Məmmədov R.Mirzəyevi döyüb. Sonradan R.Mirzəyev bir neçə nəfərlə həmin məhəlləyə gələrək Xəlil Məmmədovu döymək istəyiblər. Bu vaxt kütləvi dava olub, nəticədə X.Məmmədovun qardaşı və Hüseynağa adlı bir şəxs bıçaqla qətlə yetirilib. Hadisə zamanı X.Məmmədov və daha 3 nəfər bıçaq xəsarətləri alıb.