Xırdalan şəhərinin 27-ci məhəlləsində, 17 saylı binanın həyətində Vətən Müharibəsində şəhid olan 6 igidimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.
Əraziyə baxış keçirən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirilib ki, kompleks eyni məhəllədə böyüyən və ya müəyyən müddətdə orada yaşayan 6 Abşeronlu qəhrəmanın xatirəsinə ucaldılıb.
Qeyd edilib ki, ərazidə Abad Məhəllə yaradılıb, 2 söhbətgah quraşdırılıb, mini-park salınıb, həmişəyaşıl gül kolları və müxtəlif növ ağaclar əkilib. Binanın həyəti asfaltlanıb, ərazi abadlaşdırılıb.
Daha sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb. Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordüsunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşub. Şəhidlərimizin öz qanı ilə torpaqlarımızı işğaldan azad etdiyini qeyd edən başçı bildirib ki, 2020-ci il həm də həmrəylik, mübarizlik ili kimi tarixdə qalacaq. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. İgidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini vurğulayıblar.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub.
Allah rəhmət eləsin.