Xırdalan dairəsində tikilən villa kimə məxsusdur? – Foto

Xırdalan dairəsində tikilən villa kimə məxsusdur? – Foto

Abşeron rayonu Xırdalan dairəsindəki yeni tikili müzakirələrə səbəb olub.

AzerTimes xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

Bu ərazinin əvvəlcə park olduğu, daha sonra burada tikinti işlərinin aparılmağa başlandığı, nəticədə isə vətəndaşların buradan gediş-gəlişində məhdudiyyətlərin olduğu deyilir.

Bakı-Sumqayıt yolunda az qala hər gün müşahidə olunan tıxaclar fonunda yolun kənarlarında tikinti işlərinə icazə verilməsinin gələcəkdə bu yolun genişləndirilməsinə maneə yaradacağı ilə bağlı fikirlər də səsləndirilir.

Sözügedən tikilinin market kimi fəaliyyət göstərəcəyi də ehtimallar arasındadır.

Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, burada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi ilə fərdi yaşayış evi tikilir.

“Vətəndaş Bahadur İsfəndiyar oğlu Fərzəliyev Xırdalan şəhərində mülkiyyətində olan 0,32 ha torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində, tikinti işləri aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron, yəni vahid pəncərə sistemi vasitəsi ilə müraciət edib. Vətəndaşın layihəsinə baxılmış və qanunvericiliyə uyğun olaraq 10 gün müddətinə ümumi sahəsi 1654 kvadrat metr və sahəsi 800 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilib. Tikinti ilə bağlı verilmiş icazə sənədi Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində mövcuddur”, – deyə açıqlamada qeyd olunur.

Teqlər: