Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri barədə rəsmi Berlinə məlumat verib.
Bu barədə AzerTimes-a Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, iyunun 7-8-də Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub.
Siyasi məsləhətləşmələrdə Almaniya nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Mattias Lüttenberq rəhbərlik edib.
Səfər çərçivəsində həmçinin Almaniya federal prezidentinin xarici siyasət üzrə müşaviri Volfqanq Zilberman, Federal Kansler Administrasiyasının xarici və təhlükəsizlik siyasəti məsələləri idarəsinin rəisi Kristian Aulbax və Xarici İşlər Nazirliyinin dövlət katibi Zuzanne Bauman ilə görüşlər keçirilib.
Məsləhətləşmələr və görüşlər zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti təhlil olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Ticari və iqtisadi əlaqələr üçün geniş imkanların olduğu vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, kommunikasiya, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Eyni zamanda, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrə, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub. Həmçinin, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər nəzərdən keçirilib.
Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı beynəlxalq səylərin səmərəliliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Ermənistanın sülh prosesinə yanaşmalarında ziddiyyətli mövqeləri, o cümlədən bəzi hallarda sülh prosesini pozan addımları barəsində, eləcə də üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı Almaniya tərəfinə geniş məlumat verilib.
Bununla yanaşı, Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz torpaqlarına qayıtması istiqamətində reallaşdırılan layihələr, humanitar minatəmizləmə sahəsində Azərbaycana beynəlxalq səviyyədə dəstəyin artırılması, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial məkanına reinteqrasiyası ilə bağlı atılan real addımlar və bu addımlara qarşı Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətləri Almaniya tərəfinin diqqətinə çatdırılıb.