XİN rəhbəri serbiyalı nazirlə görüşdü

XİN rəhbəri serbiyalı nazirlə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri, habelə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç ilə görüşüb.

Bu barədə AzerTimes-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Serbiya arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə və dünyada mövcud vəziyyət müzakirə olunub.

Səfər müddətində göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən nazir Ceyhun Bayramov, Serbiyaya rəsmi səfərindən məmnunluq duyduğunu qeyd edib. Nazir bundan öncə Serbiyanın xarici işlər naziri kimi çalışan həmkarının 2021-ci ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri xatırlayaraq, bu kimi sıx təmasların iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında müstəsna rol oynadığını qeyd edib.

Azərbaycan və Serbiya arasında müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, humanitar və s. sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin inkişafında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsindən bəhs olunub. Bu istiqamətdə ötən il iki ölkənin müxtəlif dövlət qurumları arasında bir sıra sənədlərin imzalanmasının təqdirəlayiq olduğu vurğulanıb.

Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Nazir Azərbaycan və Serbiya arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında səylərinə görə həmkarına təşəkkür edib, əlaqələrin daha da genişləndirilməsinə daim töhfə verməyə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: