Ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi ilə bağlı məlumat yaydı. Məlumatda ən çox diqqət çəkən və müzakirə olunan isə İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olmasıdır. Belə ki, Fəqan Sədrəddin oğlu Məmmədovun İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsi faktı üzə çıxıb. Bu daşınma dövlət təhlükəsizliyimizə birbaşa təhdid olduğundan Xarici İşlər Naziriliyinin İranın Bakıdakı səfiri Seyid Abbas Musəviyə qarşı hansı addımı atacağı diqqət mərkəzindədir.
Bununla bağlı AzerTimes-ın sorğusuna cavab verən XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, qurumun hansısa addım atıb-atmayacağı barədə onda heç bir məlumat yoxdur.
“Hər hansı bir tədbir görülsə, açıqlama veriləcək”, – o qeyd edib.