XİN-dən yayılan videolarla bağlı açıqlama

XİN-dən yayılan videolarla bağlı açıqlama

Sosial şəbəkələrdə yayılan videolarla bağlı Azərbaycan tərəfini hərbi cinayətlərdə ittiham edən Ermənistan XİN-ə tərəfimizdən rəsmi açıqlama ilə münasibət bildirilib və mövqeyimiz diqqətə çatdırılıb.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Qərb dövlətlərinin rəsmilərinin, sosial şəbəkəkərdə guya Azərbaycan Silahlı Qüvvələrinin törətdiyi hərbi cinayətlər kimi təqdim edilən videolarla bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

O söyləyib ki, sosial şəbəkələrdə yayılan videoların araşdırılması ilə bağlı Azərbaycanın Hərbi Prokurorluğu tərəfindən hələ bir müddət öncə hərtərəfli araşdırmanın başlanılması ilə bağlı bəyanat verilmişdi:

“Vurğulamaq istərdik ki, bu araşdırma hər hansı çağırışlara cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başladılmışdı. O ki, qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, habelə 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistan tərəfinin törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər? Günü bugün də Ermənistan istehsalı olan minaların Azərbaycan ərazilərində mülki insanların həyatına son verdiyini niyə görməzdən gəlirlər? Yoxsa hərbi əməliyyatların getmədiyi bir vaxtda digər dövlətin ərazisində mina basdırılmasını hərbi cinayət hesab etmirlər? Böyük əksəriyyəti mülki şəxs olmaqla, 250-dək şəxsin mina qurbanı olmasının məsuliyyəti birmənalı şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Ancaq Ermənistanda hələ 90-cı illərin əvvəllərindən etibarən törədilən və indiyədək davam edən çoxsaylı hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə görə indiyədək bir nəfər də olsun məsuliyyətə cəlb olunmayıb”.

L.Abdullayeva bildirib ki, Azərbaycana çağırış edənlər qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirlərsə, məsələyə hərtərəfli yanaşmalı, Ermənistan tərəfindən bugünədək törədilən çoxsaylı cinayətlərin araşdırılması və məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb etməlidirlər:

“Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir”.

Teqlər: