Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir.
AzerTimes xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında USAID direktoru Samanta Puerin paylaşımına cavab kimi belə qeyd edib.
O, Pauerin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxladığı təxminən 30 il boyunca Ermənistan əleyhinə heç bir fikir səsləndirilmədiyini, əksinə hətta post-münqaişə mərhələsində belə beynəlxalq hüququn və Ermənistanın öhdəliklərinin ziddinə bəyanatlar verdiyini qeyd edib.
A.Hacızadə Samanta Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşdüyünü, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etdiyini xatırladıb.
XİN rəsmisi vurğulayıb ki, təxminən 30 illik işğal boyunca sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAID rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb.