XİN-dən Belarusla diplomatik əlaqələrlə bağlı məlumat

XİN-dən Belarusla diplomatik əlaqələrlə bağlı məlumat

İyunun 12-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi təşkil olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a bildirilib ki, tədbirdə nazirliyin rəhbər heyəti, Belarus Respublikasının ölkəmizdəki səfiri, iki ölkə arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılıqlı etimada əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.

İqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensialın olduğunu bildirən nazir müavini iqtisadi sahədə əməkdaşlığa dair birgə Hökumətlərarası komissiyanın bu il mayın 15-də baş tutmuş sonuncu 13-cü iclasında mühüm qərarlar qəbul edildiyini və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsinə yönəlmiş istiqamətlərin nəzərdən keçirildiyini vurğulayıb. Nazir müavini ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da Azərbaycan və Belarus xalqlarının rifahı və firavanlığı naminə inkişafına inam ifadə edib.

Ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini diqqətə çatdıran Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ölkəsi tərəfindən mövcud münasibətlərin iki ölkə arasında qarşılıqlı faydalı, bərabərhüquqlu və davamlı fəaliyyət və əməkdaşlıq üçün möhkəm əsas kimi qiymətləndirildiyini qeyd edib.

Tədbirdə, həmçinin nazir müavini Xələf Xələfov və Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov tərəfindən Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə markalanmış zərfin möhürlənməsi mərasimi təşkil olunub. İki ölkə arasında diplomatik münasibətlərin inkişafının əlaməti olaraq imzalanmış zərflər qarşılıqlı olaraq təqdim edilib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Teqlər: