15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Fələstin
Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
AR XİN-in rəhbər heyəti, Fələstin Dövlətinin Azərbaycan
Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları,
Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarının
rəhbər şəxsləri iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə
başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Fariz Rzayev 15 aprel 1992-ci il tarixində iki
ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə
əlamətdar bir hadisə olduğunu qeyd edib. O, Fələstinin Azərbaycanın
öz müstəqilliyini bərpa etməsindən sonra onunla diplomatik
münasibətlər quran ilk ölkələrdən biri olmasının dostluq və
həmrəylik nümunəsi sərgilədiyini bildirib. Azərbaycanın Fələstin
ilə münasibətlərə önəm verdiyini qeyd edən F. Rzayev, iki ölkə
arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın
mövcud olduğunu vurğulayıb. Nazir müavini, möhkəm həmrəyliyə
əsaslanan Azərbaycan-Fələstin münasibətlərinin bundan sonra da həm
ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə uğurla inkişaf edəcəyinə
dair inam ifadə edib.
Daha sonra çıxış edən Fələstin Dövlətinin Azərbaycan
Respublikasındakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim mədəni və
dini dəyərlərlər bir-birinə bağlı olan Azərbaycan və Fələstin
arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam
olması münasibətilə təbriklərini çatdırıb. Səfir, bu illər ərzində
iki ölkə arasında münasibətlərin həmrəylik, dostluq və qarşılıqlı
hörmət prinsipləri çərçivəsində uğurla inkişaf etdiyini bildirib.
Fələstin Dövlətinin Azərbaycan Respublikasının suverenlik və ərazi
bütövlüyünə dəstəyi bir daha vurğulanıb. Nəssir Əbdül Kərim Əbdül
Rəhim, Azərbaycan və Fələstinin ikitərəfli format ilə yanaşı, həm
də bir sıra beynəlxalq təşkilatlar o cümlədən İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etdiyini
məmnunluqla qeyd edib. Səfir, hər iki dövlətə və xalqa sülh,
əmin-amanlıq, rifah arzulayıb və müqəddəs Ramazan ayı münasibətilə
xoş arzularını səsləndirib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Fələstin arasında
diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə
tanış olublar.