26 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri,
regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika
Olsonu qəbul edib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə,
həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə
ali müşaviri Endryu Şofer də iştirak edib.
ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün
keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə
Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafı, habelə
bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan
arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar
barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov post-münaqişə mərhələsində iki ölkə
arasında normallaşma, o cümlədən gələcək sülh müqaviləsinin işlənib
hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya
xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində
atılan addımlar barədə məlumat verib. Bölgədə dayanıqlı sülh və
təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş
razılaşmaların həyata keçirilməsinin vacibliyi və Azərbaycanın öz
növbəsində qeyd olunan bütün istiqamətlər üzrə irəliləməyə hazır
olduğu vurğulanıb.
Görüşdə, həmçinin Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran
digər regional məsələlər müzakirə edilib.