XİN beynəlxalq təşkilatları Metsamor AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırıb.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar mətbuata açıqlama verib.
Qeyd edilir ki, Ermənistandakı Metsamor AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilmişdir və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi Metsamoru dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan Metsamor AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir:
“2020-ci ildə Avropa İttifaqı növbəti dəfə Ermənistanı AES-i bağlamağa çağırdı və qeyd etdi ki, “nüvə zavodu beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına tam cavab verəcək şəkildə təkmilləşdirilə bilməyəcək və bu səbəbdən də onun qısa zamanda bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur”.
Metsamorun istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır.
Bundan əlavə, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq hadisələrinin təkrarlanması, zavodun və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar yaradır.
Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və Metsamor AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq”.