XİN başçısının müavini Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin komitə sədrləri ilə görüşüb (FOTO)

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov
Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr
Komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün
ölkəmizdə səfərdə olan Türkiyənin Böyük Millət Məclisinin Xarici
Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan
parlamentinin Xarici Komitəsinin sədri Nikoloz Samxaradze ilə
görüşüb.

Xarici İşlər Nazirliyindən
Trend
-ə verilən məluamta görə, görüşdə Azərbaycan Milli
Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr
Komitəsinin sədri Səməd Seyidov, habelə Türkiyə Gürcüstanın
ölkəmizdəki səfirləri iştirak ediblər.

Nazir müavini Elnur Məmmədov, Azərbaycanın həm Türkiyə, həm də
Gürcüstanla ikitərəfli əsasda mövcud olan yüksək səviyyəli strateji
tərəfdaşlıq münasibətlərindən, habelə üçtərəfli formatda mövcud
olan regional əməkdaşlıq formatından məmnunluqla bəhs edib.
Ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb. Üç ölkə arasında yüksək
səviyyəli siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, enerji,
humanitar və s. sahələrdə əlaqələrin, habelə parlament ölçüsündə
əməkdaşlığın dinamik inkişafı təqdir edilib.

Nazir müavini Elnur Məmmədov qarşı tərəfə bölgədə mövcud olan
münaqişə sonrası vəziyyət, o cümlədən azad olunmuş ərazilərin
minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, eyni zamanda
sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən görülən işlər,
Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşlər və onların
nəticələri barədə məlumat təqdim edib.

Cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə silsilə
tədbirlərin təşkil edildiyi vurğulanıb.

Görüş zamanı üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional
və beynəlxalq gündəliyin aktual mövzuları, həmçinin Ukraynadakı
vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir
mübadiləsi aparılıb.

Teqlər: