2 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının BMT-yə
üzvlüyünün 30-cu ili tamam olur.
AzerTimes-ın məlumatına görə, bu
barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
“Azərbaycan Respublikası ərazilərinin silahlı təcavüzə məruz
qalması dövrünə təsadüf edən BMT-yə üzvlüyünün ilk illərində bu
mötəbər təşkilat tərəfindən Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və sərhədlərinin toxunulmazlığına qətiyyətli dəstək ifadə
edilib. Həmin mürəkkəb dövrdə işğalın yaratdığı ağır humanitar
fəsadların aradan qaldırılması istiqamətində də BMT tərəfindən
Azərbaycana əhəmiyyətli dəstək göstərilib.
Təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan
Respublikası öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin
ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata
keçirilir. Bu işlərdə, o cümlədən ərazilərin minalar və digər
partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və
ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində də
Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə
əməkdaşlığı davam etdirir.
Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli
üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və
prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək
üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç
istiqaməti – sülh və təhlükəsizlik, davamlı inkişaf və insan
hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə fəal
şəkildə cəlb olunub. Təsadüfi deyildir ki, BMT üzv dövlətlərinin
mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası 2011-ci
ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə
qeyri-daimi üzvü seçilib.
Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı
əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini
tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və
təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda
olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr
verib.
COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq
Azərbaycan Respublikası, Qoşulmama Hərəkatının sədri qismində BMT
çərçivəsində pandemiyaya qarşı mübarizədə birgə məsuliyyət,
gücləndirilmiş həmrəylik və beynəlxalq əməkdaşlığı təşviq edən
qlobal əhəmiyyətli mühüm təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan
Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində
irəli sürdüyü təşəbbüslər əsasında baş tutmuş BMT Baş
Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi
sessiyası, COVID-19 əleyhinə peyvəndlərə bərabər, ədalətli və
universal əlçatanlığın təmin edilməsi mövzusunda 2021-ci il ərzində
BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyasında qəbul edilmiş
qətnamələr və pandemiyadan sonrakı qlobal bərpa məsələlərinə həsr
olunan digər təşəbbüslər Azərbaycan Respublikasının bu istiqamətdə
beynəlxalq əməkdaşlıqda mühüm və nümunəvi rol oynadığından xəbər
verir.
Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq
Azərbaycan Respublikası, bundan sonra da BMT-nin etibarlı tərəfdaşı
olmağa davam edəcək və beynəlxalq sülh və təhlükəsizliyə əlavə
töhfələr vermək istiqamətində öz səylərini əsirgəməyəcək”,-
bəyanatda qeyd edilir.