Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
AzerTimes xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Afrika İttifaqının yaradılmasının 60-cı ildönümü münasibətilə yaydığı bəyanatda əksini tapıb.
Bildirilib ki, bu gün Afrika İttifaqının beynəlxalq təşkilat olaraq təsis edilməsindən 60 il ötür: “Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi Afrika ölkələrinə və Afrika İttifaqının Komissiyasına öz səmimi təbriklərini çatdırır. Ötən 60 il ərzində İttifaq qlobal sülh, təhlükəsizlik və davamlı inkişafa Afrika qitəsinin dəyərli töhfələrinin verilməsində önəmli rol oynayıb. Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq davamlı əsasda şaxələnməklə yüksələn xətt üzrə inkişaf edir”.
Qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə əməkdaşlığa yeni təkan verib: “Arika qitəsinin dekolonizasiya prosesinə mühüm töhfələr vermiş Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Afrika qitəsini prioritet region olaraq elan edib və xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması və pandemiyadan sonrakı bərpa məsələlərinə xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, bu il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Afrika ölkələrində pandemiyadan sonrakı bərpa prosesinə dəstəklə bağlı Qlobal Çağırış və həmin Çağırış çərçivəsində ilk donor kimi Afrika ölkələrinə 1 milyon ABŞ dolları ianə elan olunub. Azərbaycan Afrika qitəsində diplomatik təmsilçiliyini də tədricən artırmaqdadır. Qitədə mövcud olan diplomatik nümayəndəliklərə əlavə olaraq, ötən ilin sonunda Keniyada diplomatik nümayəndəlik təsis edilib. Azərbaycan tərəfi əmindir ki, ortaq dəyər və prinsipləri bölüşdüyü Afrika ölkələri ilə əməkdaşlıq bundan sonra da həm ikitərəfli əsasda, həm də Afrika İttifaqı çərçivəsində daha da inkişaf edəcək”.