Xilasedicilər “Krokus”da gördüklərindən dəhşətə gəlib

Xilasedicilər “Krokus”da gördüklərindən dəhşətə gəlib

“Krokus Siti Holl”da baş verən terror aktı hətta təcrübəli xilasediciləri də şoka salıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, jurnalistlər ölüm riskini cəsarətlə gözə alaraq alovu söndürən və qurbanları binadan çıxaran xilasedicilərdən müsahibə alıblar.

Moskva Yanğından Mühafizə və Xilasetmə Mərkəzinin 9 saylı fövqəladə xilasetmə dəstəsinin rəhbəri Sergey Kudra terror aktı baş verən yerdə onun bölməsinin yerinə yetirdiyi tapşırıqlardan danışıb. Onlar kəşfiyyat və xilasetmə işlərinin aparılması üçün binanın dördüncü mərtəbəsində işıqlandırma quraşdırıblar. Bundan əlavə, xilasedicilər ölənlərin meyitlərini təxliyə ediblər. Bu proses beş nəfər tərəfindən dörd saata yaxın aparılıb.

Sergey Kudranın sözlərinə görə, binaya daxil olarkən qarşılaşdıqları vəziyyət dəhşətli olub. Xilasedicilər binaya baxış keçirərkən ayaqyolunda qurbanların cansız bədənlərini aşkar ediblər. Onların hamısı tüstüdən boğulub.

“İnsanlar uzanıb bir-birini qucaqlayıb, görünür, həyatlarının son dəqiqələrində bir-biri ilə vidalaşıblar”, – o bildirib.

Sergey Kudra etiraf edib ki, həmkarları gördükləri hər şeydən sonra terrorçuları yalın əlləri ilə “yırtmağa” hazır idilər. Təcrübəli xilasedicilər göz yaşlarını saxlaya bilməyiblər:

“Bu əclaflar kiminlə döyüşürdülər? Bu insanlar niyə öldürüldü? Bu dəhşət uzun müddət mənim ruhumda qalacaq. Bir çoxumuz uzun müddətdir işləyirik, məsələn, mən 21 ildir peşədəyəm, müxtəlif vəziyyətlər görmüşəm, arxamda çoxlu dəhşətli hadisələr var. Lakin “Krokus”da baş verənlər hər şeyi kölgədə qoyur. Bunu unutmaq və ya bağışlamaq olmaz”.

Teqlər: