Havanın isti keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğının baş vermə ehtimalını artırır. Buna uyğun olaraq, respublikanın meşə fondu ərazilərində tərəfimizdən qabaqlayıcı profilaktik tədbirlər görülməkdədir. Belə ki, meşə ilə həmsərhəd ərazilərdə yanğın əleyhinə zolaqlar çəkilir, nəzarət postlarının və müşahidə qüllələrinin sayı artırılır.
AzerTimes xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, bu il ərzində meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə, Şəki, Ağdam, Lənkəran və Quba rayonlarında, ümumilikdə, 6 regional müşavirə, həmçinin respublikanın meşə örtüyü olan bütün rayonlarını əhatə etməklə Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə birlikdə 57 təlim keçirilib.
Son dörd ay ərzində 543,35 kilometr uzunluğunda yanğın əleyhinə yeni qoruyucu mineral zolaqlar çəkilib, 351,3 kilometr zolaq isə bərpa edilib. Yanğın əleyhinə 61,62 kilometr uzunluğunda yeni yol çəkilib, 224,38 kilometr yol isə bərpa edilib. Bütün rayonlar üzrə 896 nəfərdən ibarət könüllü yanğınsöndürmə dəstələri yaradılıb. Regional Meşə Təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində baş vermiş yanğın barədə operativ məlumatın əldə edilməsi məqsədilə 38 müşahidə qülləsi quraşdırılıb, meşə ərazilərinin girişində 81 nöqtədə nəzarət postları qurulub.
Xidmət rəisinin sözlərinə görə, təbiət ərazilərində, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması və əhalinin məlumatlandırılması məqsədilə meşələrin girişlərində və insanların daha çox olduğu ərazilərdə 1733 ədəd xəbərdaredici və məlumatlandırıcı yanğın lövhəsi vurulub.
“Mütəmadi olaraq vətəndaşlarımıza, təbiət qoynunda istirahət edən turistlərə, meşə ətrafında yaşayan kənd sakinlərinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə müraciət edirik ki, qızmar yay günlərində hədsiz diqqətli olsunlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, biçindən sonra sahələrə od vurmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və yaxud da məsuliyyətsizliyi qarşısıalınmaz yanğınlara səbəb olur. Vətəndaşlarımıza çağırış edirik ki, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməmək üçün daha da diqqətli olaq. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı və bu həyəcanı hər kəs hiss etməlidir”, – R.Əşrəfov bildirib.