Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu”-nun təşkilaçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XI Çağırış kubokunun Gəncə seçim turu keçirilib.
50-ə yaxın gəncin iştirak etdiyi oyunda gərgin mübarizə son ana qədər davam edib. Seçim turunda Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Regional Kollecin tələbələrindən ibarət komandalar yarışıb. Yekunda Azərbaycan Texnologiya Universitetinin “Dəmir yumruq” komandası seçim turunun qalibi olub.
XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Layihənin seçim turlarının bu ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi Bakıda təşkil olunacaq.
Qeydiyyat və iştirakla bağlı bütün suallara cavabı klubun sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.
İnformasiya dəstəyi – Trend.az