Xəbər - Çingiz Səfərli – Trend:
Qlobal iqlim dəyişmələri, su resurslarının azalması, quraqlıq səhralaşma kimi problemlər yaradır. Eyni zamanda, Arktika, Antarktida və Qrenlandiyada buzlaqların əriməsi nəticəsində dünya okeanının səviyyəsi qalxıb, bu da bir çox ərazilərin su altında qalmasına gətirib çıxarıb. Bu prosesin gələcəkdə daha da genişlənməsi gözlənilir.
AzerTimes xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev “Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu gün qlobal istiləşmə ilə bağlı Azərbaycanda da bir çox problemlər meydana çıxmışdır. Onlar arasında su çatışmazlığı, kənd təsərrüfatı məhsuldarlığına təsir, quraqlıq, Xəzərsahili ərazidə iqlim dəyişmələrinin təsiri ilə bağlı meydana çıxan problemlər və s. var.
“Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitə və iqtisadi həyata ciddi təsir göstərəcəyi də istisna edilmir.
İki qitə arasında yerləşən Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsi yoxdur və onun səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Ötən əsrin 30-cu illərindən 1977-ci ilədək Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin ən minimal hüduduna (-29 m) çatıb. Lakin 1977-ci ildən 1995-ci ilədək səviyyə 2.5 m qalxaraq 1995-ci ildə -26.5 metrə yaxın olub. Bu zaman bir çox ərazilər su altında qalmış və təsərrüfat sahələrinə ciddi ziyan vurulmuşdur.
Son 25 il ərzində qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində səviyyə yenidən aşağı düşərək -28 metr olmuşdur. İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir.
Alman və holland alimləri tərəfindən aparılan tədqiqatlara görə müxtəlif ssenarilərə əsasən, əsrin sonunadək Xəzərin səviyyəsi gözlənilən qlobal istiləşmə ssenarilərinə görə bugünkü səviyyə ilə müqayisədə daha 9 və ya 18 metr aşağı düşə bilər. Həmin tədqiqatlara görə ölkələr 2015-ci ildə imzalanmış olan istilik effekti yaradan qazların atmosferə atılmasının azaldılmasına dair Paris Razılaşmasının tələblərinə əməl etməklə temperatur artımını məhdudlaşdırarsa, Xəzərin səviyyəsi əsrin sonunadək yalnız 9 metr düşər, əks halda isə 18 metr aşağı düşə bilər.
Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən də gələcəkdə səviyyənin müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır.
Gələcəkdə səviyyənin aşağı düşməsi həm ekoloji baxımdan, həm də iqtisadi və siyasi baxımdan ciddi problemlər yarada bilər. Məsələn, dənizin Şimal hisəsində böyük ərazi quruya bilər, sahilyanı ekosistemə ciddi təsir olar və rekreasiya və turizm sahəsində, sahilyanı ərazidə yerləşən infrastrukrurun fəaliyyətində ciddi çətinkliklər yarana bilər və bu prosses eyni zamanda biomüxtəlifliyə mənfi təsir edər və dəniz canlılarının populyasiyalarının ciddi azalmasına gətirə bilər. Xüsusilə də, Qızılağac körfəzində və digər sahələrdə bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər.
Belə hesab edirik ki, bu gün ölkəmizin və bütün Xəzəryanı dövlətlərin mütəxəssisləri səviyyyə dəyişikliklərinin tədqiqi və onlarla bağlı yaranacaq problemlərin həlli və ya mənfi təsirlərinin azaldılması istiqamətində lazımi tədbirlərin və onların icra yollarının tez bir zamanda müəyyən edilməsi üçün bir araya gəlməlidirlər.
Bugünkü görüşümüzün də məqsədi Xəzər dənizi ilə bağlı tədqiqatlar aparan mütəxəssislərimizin bu problemə və onun həllinə dair fikir və təkliflərini öyrənmək, xüsusilə də daha səmərəli tədbirlər görmək üçün digər Xəzəryanı ölkələrin mütəxəssisləri və beynəlxalq qurumların da iştirakı ilə geniş miqyasda birgə işlərin aparılması yollarını müzakirə etməkdir”, – deyə o qeyd edib.