Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.
Bu barədə AzerTimes-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.
Qeyd olunub ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib.
Heyət üzvləri və sərnişinlər bu gəmilərlə təxliyə ediliblər. Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur. “PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb. Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdirildikdən sonra daha ətraflı məlumat veriləcək”, – məlumatda vurğulanıb.