Bakı Ağır Cinayətlər Məhkəməsində gəmidə iş yoldaşını
bıçaqlamaqda təqsirləndirilən Soltan Soltanovun cinayət işi üzrə
məhkəmə prosesi keçirilib.
AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs ifadə
verib.
S Soltanov bildirib ki, hadisə zamanı sərxoş olub.
“Hadisə vaxtı sərxoş idim. Hadisədən sonra peşman oldum. Əslində
mən onu vurmaq istəmirdim. Gəmidə mübahisəmiz yarandı. Mübahisədən
sonra sakitləşdik, hərə öz otağına getdi. Bir neçə saatdan sonra o
mənim otağıma gəlib mübahisəni davam etdirdi. Məni söydü, mən də
bıçaqladım. Hadisə vaxtı yanımızda heç kim olmayıb”,- deyə
təqsirləndirilən şəxs bildirib.
Prosesdə ifadə verən zərərçəkmiş də hadisə vaxtı Soltan
Soltanovun içkili olduğunu bildirib.
İş üzrə növbəti məhkəmə prosesi martın 30-na təyin edilib.
İttihama görə, hadisə ötən il Xəzər dənizində Rusiya bayrağı
altında üzən Amur gəmisində baş verib. Gəmidə matros işləyən Soltan
Soltanov aralarında yaranmış mübahisə nəticəsində həmin gəminin
motorçusunu bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.-ci (qəsdən sağlamlığa
ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb.