İyulun 28-i axşam saatlarında FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumat alındıqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.
Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb.
Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.
Əlavə məlumat veriləcək.