Xəzər üzərindən yüklərin daşınması sahəsində türkdilli dövlətlərlə əməkdaşlıq müzakirə olunub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Türk Dünyası Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə Türkiyə və Özbəkistan respublikalarının nümayəndə heyətləri ilə görüş keçirilib.

Görüşdə ASCO sədri Rauf Vəliyevin başçılıq etdiyi heyət, TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov, Qismət Gözəlov, Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov, bu ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələri, Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının direktorlar heyətinin rəhbəri Alper Özel iştirak ediblər.

Sədr Rauf Vəliyev qonaqlara 162 illik tarixi olan qurumun fəaliyyəti, iştirak etdiyi layihələr və gələcək planlar barədə geniş məlumat verib. Bildirib ki, ASCO dənizdə yükdaşımalarla yanaşı, neft-qaz sahəsində gəmiçilik xidmətləri də göstərir. Rauf Vəliyev həmçinin, beynəlxalq ticarətin inkişafı, tranzit imkanlarının daha da genişləndirilməsi məqsədilə Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdən də söz açıb. O qeyd edib ki, Xəzər dənizi üzərindən yüklərin daşınması və bu sahənin inkişafına töhfə vermək üçün ASCO da öz növbəsində türkdilli dövlətlərlə əməkdaşlığa hazırdır.


Daha sonra TDƏŞ Baş katibinin müavinləri Mirvohid Azimov, Qismət Gözəlov Özbəkistan Nəqliyyat nazirinin müavini Abdusamat Muminov və digər şəxslər çıxış edərək türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra qonaqlar ASCO-nun inzibati binasında yaradılan 44 günlük Vətən müharibəsinə həsr olunan interaktiv “Zəfər” guşəsi, ASCO-nun tarixini əks etdirən “Üç əsrin şahidi” muzeyi ilə yaxından tanış olublar.

Teqlər: