Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun 2021-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları üçün xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla tədbir təşkil edilib.
Xəzər Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi, Rayon Gənclər və İdman İdarəsinin könüllü gəncləri, şəhid və qazilərin övladları iştirak edib.
Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Sitarə Əhmədova çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi zəfərdən bəhs edib, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirmişlər. Tədbirdə uşaqlara nağıl animatorları və sehrbazlar tərəfindən əyləncəli proqramlar təqdim edilib, milli və müasir rəqslərdən ibarət fləşmob keçirilib.
Tədbirin sonunda açıq havada piknik təşkil edilmiş, uşaqlara hədiyyələr təqdim edilərək xatirə şəkili çəkilib.
Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.