Xəzər rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla “Real TV”nin təşkilatçılığı ilə lentə alınmış “Dəmir yumruq” sənədli film nümayiş olunub.
28 aprel 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zirə Mədəniyyət evində baş tutan tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri və Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının sədri, rayon üzrə fəaliyyət göstərən İdarə, müəssisə və təşkilat rəhbərləri, İctimai Birliklərin rəhbərləri və rayonun fəal gəncləri iştirak ediblər.
Filmin nümayişindən əvvəl Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Real TV-nin təşkilatçılığı ilə lentə alınan Azərbaycanın hər bir güşəsində yaşayan azsaylı xalqların gənclərinin torpaqlarımız uğrunda döyüşlərdə bir yumruq kimi birləşərək, vəhdət şəklində iştirakından bəhs edən “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.
Filmdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin yumruq tək birləşərək göstərdikləri qəhrəmanlıq nümunələri əksini tapıb.
Azərbaycanda yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən “Dəmir yumruq” sənədli filmi maraqla izlənilib.
Qeyd edək ki, “Dəmir yumruq” sənədli filminin xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında nümayişi təşkil olunur.