Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi,
Xəzər rayonunda da təmiz və abad həyətlərin yaradılması,
yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması,
sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması
istiqamətində görülən işlər davam etdirilir.
AzerTimes xəbər verir ki,
sakinlərimizin istək və arzularına uyğun olaraq, onlar üçün
təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Xəzər
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Neqsol” Holdinq tərəfindən
rayonun Binə qəsəbəsindəki 2146-cı məhəllə abadlaşdırılmışdır.
Yeni salınan abad məhəllədə uşaqların, eləcə də böyüklərin
idmanla məşğul olması üçün uşaq əyləncə və idman qurğuları,
mini-futbol meydançası, sakinlərin istirahəti üçün söhbətgahlar,
skamyalar, gecə işıqları üçün dirəklər quraşdırılıb, binalarının
dam örtükləri, fasad və pilləkən qəfəsləri əsaslı təmir edilib.
Həmçinin, mövcud ağaclarda budama işləri aparılaraq, yeni
yaşıllıqların salınması, yeni ağac və gül kolları əkilib. 04 mart
2022-ci il tarixində Binə qəsəbəsində 2146-cı məhəllədəki abad
məhəllənin açılış mərasimi keçirilib.
Açılış mərasimində Xəzər RİH başçısının I müavini Elşən
Qurbanov, təmir işlərini həyata keçirən “Neqsol” Holdinqin
nümayəndəsi İsrail Asaliyev, RİH Aparatının şöbə müdirləri, Binə
qəsəbə nümayəndələri, Binə bələdiyyəsi, şəhid ailələri, ağsaqqallar
və yerli sakinlər iştirak edib. Mərasimi giriş sözü ilə Xəzər RİH
başçısının I müavini Elşən Qurbanov açaraq tədbir iştirakçılarını
salamlayıb, sakinlər üçün görülmüş işlərə görə ölkə rəhbərliyinə,
Heydər Əliyev Fonduna və “Neqsol” Holdinqin rəhbərliyinə
təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları tərəfindən yeni salınmış
məhəllədə şam ağacları əkilib. Bundan sonra, uşaqlar üçün
istifadəyə verilmiş idman qurğularına baxış keçirilib.
Mərasimdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin
Mansurovun anası Məlyekə Məcidova və şəhid qardaşlar İman və Bəhram
Məmmədzadələrin atası Elman Məmmədzadə və yerli sakinlər qısa
müddət ərzində Binə qəsəbəsində “Abad Məhəllə”lərin və istirahət
parklarının salınmasına və bütövlükdə qəsəbədə gedən
tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin
minnətdarlıqlarını bildiriblər.