Xəzər rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub (FOTO)

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zirə EKO Parkda “5 oktyabr – Beynəlxalq Müəllimlər günü” ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH başçısının müavinləri və əməkdaşları, rayon təhsil müəssisələrinin rəhbərləri və təhsil sahəsində nailiyyətlər əldə etmiş rayonun qabaqcıl müəllimləri iştirak etmişdir.

Tədbir iştirakçıları ilk öncə Zirə Eko Parkın foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Daha sonra tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təhsil işçilərini təbrik edərək , gələcək pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzu edib.

Rayon rəhbəri bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən məktəblərin əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.

Tədbirdə iştirak edən millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, 125 nömrəli tam orta məktəbin direktoru Zeynəb Əliyeva və 4 nömrəli Respublika Xüsusi tipli internat məktəbinin direktoru Vəfa Seyidova çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu, yaradılan bu şəraitə görə ölkə başçısına və birinci xanıma minnətdarlıqlarını bildirmişlər.

Sonda pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “Beynəlxalq müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edilmişdir.
Sonda bir qrup təhsil işçisinə müxtəlif hədiyyələr təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.

Teqlər: