Xəbər - Samir Əli – Trend:
Bakının Xəzər rayonunda 16.3 km uzunluğa malik küçə və yol təmir edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AzerTimes-a verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonunda da aparılır.
İnvestisiya Proqramına uyğun olaraq cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur ki, artıq bu istiqamətdə təmir-tikinti işlərinə başlanılıb.
Söhbət Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7.6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1.2 km-lik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yoldan gedir.
Artıq Binə və Qala qəsəbələrində cari ilin İnvestisiya Proqramında nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.
Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.