Xəzər rayonu ilə Çin Xalq Respublikasının Quancou şəhər Bələdiyyəsinin Nanşa rayonu arasında əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Memorandumu Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Çinin Nanşa rayonunun meri Don Kı imzalayıblar.
Memorandum yerli icra orqanları və biznes dairələri arasında əlaqələrin təşviqini nəzərdə tutur. Sənədə əsasən, Xəzər və Nanşa rayonları iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm və ətraf mühitin qorunması kimi sahələrdə təcrübə mübadiləsinin təşviqi sahəsində də əməkdaşlıq edəcəklər.
28 sentyabr 2021-ci il tarixində videokonfrans formatında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov, Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı imzalanan sənədin əhəmiyyətini, Azərbaycan və Çin arasında əlaqələrin inkişafının hər iki ölkədə yüksək qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, imzalanan memorandum Xəzər və Nanşa arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, ikitərəfli əlaqələrə də töhfə verəcək. Azərbaycan Prezidentinin 2019-cu ildə Çinə səfərini və bu ilin iyun ayında iki ölkənin rəhbərləri arasında baş tutan telefon danışığını xatırladan səfir bunun iki ölkə arasında yüksək səviyyəli dialoqun göstəricisi olduğunu vurğulayıb.
Çin Kommunist Partiyası Quancou Bələdiyyə Komitəsinin Daimi Komitəsinin üzvü, Çin Kommunist Partiyası Nanşa Rayon Komitəsinin katibi Lü Yisian imzalanan memorandumun iki ölkə arasında etibarlı tərəfdaşlıq əlaqələrinin inkişafına yeni stimul verəcəyinə, uzunmüddətli əməkdaşlıq üçün başlanğıc nöqtəsi olacağına ümidvar olduğunu vurğulayıb. Bu il iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsinin vacibliyinin vurğulandığını xatırladıb. Qeyd edib ki, Nanşa Quandon-Honkonq-Makao Böyük Körfəz ərazisinin coğrafi mərkəzindədir. 2017-ci ildən Quancounun yardımçı mərkəzi və HAB-ı kimi fəaliyyət göstərir. Nanşa limanı humanitar yüklərin daşınması göstəricilərinə görə dünyada ikinci yerdədir. Hazırda Nanşa rayonunun əhalisinin 1,1 milyon nəfərə yaxın olduğunu, yaxın gələcəkdə bu göstəricinin 3 milyon nəfərə çatdırılmasının gözlənildiyini bildirib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, Xəzər rayonunda respublikada ilk dəfə yaradılan və idxalı əvəz edən istixana konstruksiyaları və qida sənaye avadanlıqları istehsalı zavodunun məhsulları yüksək keyfiyyətli, rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixracyönümlüdür. Qeyd edib ki, rayonun istehsal müəssisələrinin fəaliyyəti respublikanın daxili tələbatının ödənilməsində, regionların sənaye potensialının reallaşdırılmasında və investisiya cəlbediciliyinin artırılmasında, həmçinin yeni iş yerlərinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.