Xəbər - Çingiz Səfərli – Trend:
Aral və Urmiya gölü sürətlə quruyur. Bu aqibətin Xəzər dənizini də gözləyəcəyi ilə bağlı müxtəlif fərziyələr var.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bu məsələnin illərdir müzakirə edildiyini, lakin qorxulu bir dəyişiklik baş vermədiyini bildirib.
Onun sözlərinə görə, Xəzər ən müəmmalı hövzələrdən biridir, lakin quruma məsələsi bu gün üçün prioritet deyil:
“Rusiya düzənliyinə düşən yağıntının miqdarı normaldır. Xəzər dənizinin 80 faiz suyunu Volqa çayının təmin etdiyini nəzərə alsaq, Xəzər üçün təhlükə olmadığını görə bilərik. Ümumiyyətlə Xəzər dənizində suyun dövranı, hidroloji vəziyyəti, suyun tərkibi və s. 150 ilə yaxındır araşdırılır. Hazırda, Xəzərin quruma məsələsi prioritet deyil. Müəyyən vaxt suyun səviyyəsi aşağı düşüb, bəzi vaxtlar da artaraq sahilləri yuyub. Bir neçə il bundan öncə quraqlıq olanda, Xəzəri Ural çayı vaxitəsilə Şimal dənizinə birləşdirmək barədə fikirlər səsləndirilmişdi, lakin sonradadan bunun effektiv nəticə verməyəcəyi qənaətinə gəlindi. Mənə elə gəlir ki, Xəzər dənizi ilə bağlı belə qorxulu proqnozlar vermək o qədər də doğru deyil. Çünki burada suyun səviyyəsinin enib qalxmağının kifayət qədər tarixi var. Proses min illərdir gedir və bu vaxta qədər qorxulu bir hadisə baş verməyib”.