Xəzər dənizinin hazırkı vəziyyəti onu göstərir ki, dəniz 30-40 il əvvəlki dövrdə olduğu kimi deyil. Xəzər dənizində o qədər balıq ehtiyatı daha yoxdur. Tədqiqatlar zamanı balıq ehtiyatlarının yüz dəfələrlə azalması məlum olub.
Hər kəs başa düşməlidir ki, Xəzər dənizi qapalı hövzədir. Buna görə də orada çox məhdud sayda olan balıq növlərini qorumalıyıq.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.
M.Axundov bildirib ki, əgər dünyada 23 min balıq növü varsa, Xəzər dənizində bu say 120-yə qədərdir: “Dənizin Azərbaycan sektorunda isə 80-ə qədər balıq növü mövcuddur. Növlərin sayı az olmaqla bərabər, əksər hissəsi endemikdir, yəni yalnız Xəzər dənizində yaşayır.
Balıq ehtiyatlarının çoxalması üçün qiymətli balıq növlərini artırıb təbii su hövzələrinə buraxırıq. Lakin bu, kifayət etmir. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,5 metr enib. Son 10 il ərzində Kürün axar həcmi 40-50 faiz azalıb. Volqa çayında da həmin proses müşahidə olunmaqdadır. Son illər dənizin suyunun Kürün aşağı axarına girməsini görürük. Belə vəziyyətdə balıqlar çaya girib kürü tökə, çoxala bilmirlər. Real olaraq görürük ki, balıq ehtiyatları azalmaqda davam edəcək. Yaxın illərdə bəzi balıqların yox olmasına da şahid ola bilərik. Çıxış yolu balıq ovlamadan balıq yetişdirməyə, akvakulturaya keçməkdir. Bunun üçün proqram, strategiya hazırlanmalı, ciddi tədbirlər görülməlidir”.