“UMID BABEK OPERATING COMPANY” əməliyyat şirkətinin Azərbaycan
Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan
sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək
dərinliyində naməlum obyektlər aşkar edilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, dənizin keçmiş SSRİ dövründə tral gəmilər
birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb
olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və
ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı
aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma
standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi
minası (КБ-1) olması müəyyən edilib.
Aşkarlanmış minaların cari il mayın 9-dan etibarən hava
şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə
digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi
və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.
Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi
sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan
sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.