Xəyanətlə işğal edilən Şuşa qəhrəmanlıqla azad edildi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Şuşanın işğal edilməsi AXC-Müsavat hakimiyyətinin azərbaycan xalqına xəyanət nəticəsində baş tutdu. Paytaxt Bakıda AXC-Müsavat cütlüyünün başı hərc-mərcliyə, vəzifə bölgüsünə qarışdığı üçün Qarabağ və ətraf rayonlar yaddan çıxmış, tamamilə müdafiəsiz qalmışdı. Xalqımızın tarixinə yazılan bu qara ləkə 30 ildən sonra Prezident İlham Əliyevin düzgün və uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı, xəyanətlə işğal edilən Şuşa qəhrəmanlıqla azad edildi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan torpaqlarını işğala məruz qoyduğu zaman Azərbaycanda baş verən hadisələr ermənilərin öz çirkin niyyətlərinə çatmasını daha da asanlaşdırmışdı:

“Ən böyük qəbahət AXC-Müsavat cütlüyünün səriştəsizliyi və xəyanəti nəticəsində baş vermişdi. 1992-ci il mayın 8-də Şuşanın ermənilərə təslim edilməsi və ermənilərin bundan istifadə edib Şuşanı işğal etməsi AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsinə böyük şərait yaratdı. Onların xəyanəti nəticəsində, Şuşanın işğalından bir həftə sonra Laçın da işğala məruz qaldı. Bu, onların növbəti xəyanəti idi.

Əslində bu xəyanət bütövlükdə Azərbaycana, müstəqilliyimizə, dövlətçiliyimizə, xalqımıza qarşı idi. Bu xəyanətin içərisində eyni zamanda cinayətlər də var idi. Ölkədə yaranmış qeyri-stabil vəziyyət, anarxiya, xaos, vətəndaş qarşıdurması, ölkənin parçalanmaq astanasında olması bütövlükdə mənfur AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdi və bundan da istifadə edən erməni terrorçuları Azərbaycan ərazilərini işğala məruz qoydular”.

Deputat bildirib ki, AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal edilən Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində qəhrəmanlıqla azad edildi:

“Ötən ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan düşmən tapdağına məruz qalan torpaqlarını azad etdi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycan çox parlaq qələbə qazandı. Ölkədə əminamanlığın, stabilliyin, milli birliyin təmin olunması, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, güclü iqtisadiyyatı, güclü ordu quruculuğu, vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın 30 illik həsrətinə cəmisi 44 gün ərzində son qoydu”.

Twitter: @ElchinMehdiyev

Teqlər: