Bakının Xətai rayonunda yanğın zamanı neft sektoruna böyük təhlükə yaranıb.
AzerTimes xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
“FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə “Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın barədə məlumat saat 21:31-də daxil olub. Saat 21:36-da ilkin yanğın bölmələri hadisə yerinə çatıb. Yanğın Neftayırma Zavodunun Yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5 min kubmetrlik neft çənlərinə yaxın ərazidə olub”, – R.Xudiyev qeyd edib.
“Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın yerənə yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub.
Neft sektoru ilə yanaşı, burada salınmış agaclıq, yaşıllıq sektoru, əhalinin yaşadığı ərazilər mühafizə olunub. Yanğının səbəbini deyə bilmərik. Onu xüsusi təhqiqat qrupları müəyyən edəcək”, – FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini əlavə edib.