Xətai rayonunda 26.04.2024-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun büstünün açılışı olub.
AzerTimes xəbər verir ki, büst şəhidin adını daşıyan Xətai rayonu, 48 saylı tam orta məktəbin həyətində qoyulub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi polkovnik Yalçın Sadıqlı, Heydər Əliyev adına Hərbi İnstitutun rəis əvəzi Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ataları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, şəhid kapitan Ceyhun Həsənov və onunla birgə şəhid olmuş digər qardaşlarımız Vətən müharibəsinin başlanğıcında qələbəmizin təməlini qoydu: “Onların qəhrəmanlıqları, şərəfli döyüş yolu haqqında saatlarla, günlərlə danışmaq olar. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaqdır. Vətən müharibəsində öz canları, qanları bahasına qələbəni bizə yaşadan şəhidlərimizin adını müxtəlif formatlarda anır, xatirələrini əbədiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz odur ki, şəhidlərimizin Vətən müharibəsindəki şücaətini, keçdikləri şərəfli döyüş yolunu gələcək nəsillərin yaddaşına həkk edək. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların adları dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək. Allah şəhidlərimizə rəhmət eləsin.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirib ki, Ceyhun qardaşımızın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Şəhid kapitan Ceyhun Həsənovun ruhu və onun valideynlərinin qarşısında baş əyirəm. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, Vətənini, xalqını sevən belə cəsur övladlar böyüdüblər.
Digər çıxış edənlər Ceyhun Həsənovun keçdiyi döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Həsənov Ceyhun Aydın oğlu 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001–2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) “Motoatıcı” ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi. 2 əkiz oğlu var. Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ceyhun Həsənova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə”,”Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”medalları ilə təltif edilib. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.