Xətaidə şəhid ailələri üçün növbəti iftar süfrəsi təşkil olundu

Xətaidə şəhid ailələri üçün növbəti iftar süfrəsi təşkil olundu

Müqəddəs Ramazan ayı münasibətilə Xətai rayonunda şəhid ailələri üçün növbəti iftar süfrəsi təşkil olunub.

AzerTimes xəbər verir ki, iftar mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid ailələri iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. İftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi ölkəmizdə dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Azərbaycanın təməl prinsiplərini Ulu Öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dini məbədlərin inşası, bərpası və qorunması istiqamətdə Birinci-vitse Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Həmçinin icra başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı, uğrunda döyüşdükləri Qarabağ torpaqları işğaldan azad olundu.

Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.

Natiqlər qeyd ediblər ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndirir, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə və millətimizə Uca Allahdan xeyir-dualar diləyir.

Teqlər: