Martın 18-də Xətai rayonunda R.Məmmədov küçəsi 25 ünvanında yeni salınmış abad həyətdə Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AzerTimes xəbər verir ki, tədbir iştirakçıları rəqs, idman səhnələri, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər.
Tədbirin əvvəlində möhtəşəm Novruz tonqalı alovlandırılıb, milli təamlardan ibarət süfrə açılıb.
Daha sonra Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Tanınmış incəsənət ustaları Gülyaz Məmmədova, İzzət Bağırov, Səlim Abbasov, İnci Müslimzadə, Şəms Sərdarlı, Ədilə Əliyeva, Fatimə İbrahimova və başqaları, həmçinin “Səma” rəqs qrupu, Novruz personajları, pəhləvan, kəndirbaz, idmançılar tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.
Konsert proqramı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.