Bu gün Xətai rayonunda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AzerTimes xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak ediblər.
Aksiya çərçivəsində rayonun “Gənclik” parkında, 8 Noyabr prospektində, R.Məmmədov, N.Rəfiyev küçələrində ümumilikdə 3000-dən çox ağac əkilib.
Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi nəzərdə tutulur. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.