Xətai rayonunda şəhid ailələri və qazilər ziyarət olunub (FOTO)

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri və
Aparat nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri
İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının
ailələrini, eyni zamanda qaziləri Novruz bayramı ərəfəsində ziyarət
ediblər.

Ziyarətlər zamanı Xətai Rayon İcra Hakimiyyətinin Vətən
müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili
şöbəsinin müdiri Anar Məmmədov şəhidlərimizin və qazilərin keçdiyi
döyüş yolundan söhbət açaraq bildirib ki, 2020-ci il tariximizə
Qələbə ilə kimi yazılıb: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir
yumruq kimi birliyi, həmrəyliyi, torpaq, Vətən sevgisi sayəsində 30
ilin işğalına son qoyuldu. Bu gün ölkə Prezidenti İlham Əliyev
qalib ölkənin qalib Sərkərdəsi kimi işğaldan azad edilmiş
ərazilərimizə səfərlər edir, bu məkandan işğalçı dövlətə
mesajlarını çatdırır. Bu çağırış daim bəyan edilir ki, Ermənistan
Azərbaycan Ordusunun 44 gündə verdiyi dərsi tarix boyu unuda
bilməz. Əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarlarsa,
“Dəmir yumruq” yerindədir. Bu əminlik, inam Azərbaycan gənclərinin
torpaq, Vətən sevgisindən, hər an torpaqlarımızın müdafiəsinə hazır
olmalarından irəli gəlir”.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şəhidliyin ən
yüksək zirvə olduğunu önə çəkərək qanları, canları ilə tarix yazan
Vətən oğullarının xatirəsinin daim qəlbimizdə yaşayacağını
bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin Qarabağın tacı, mədəniyyət paytaxtımız
Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından
xalqa çatdırması, eyni zamanda, tarixi Zəfərimizdən sonra ölkə
Prezidentinin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki
Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü özündə bir çox
məqamları ehtiva edir: “Prezident İlham Əliyev daim şəhidlərimizi
ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, onların
valideynlərinə minnətdarlığını bildirir. Qeyd edir ki, şəhidlərimiz
və qazilərimiz tarixi Zəfərimizin qəhrəmanları olaraq bizim üçün
hər zaman əzizdirlər, onların həyat yolu gənclərimiz üçün
vətənpərvəlik məktəbidir. Xalqımızın qalibiyyət ovqatını bütün
varlığı ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin
ərazi bütövlüyünün bərpası naminə canlarını fəda etmiş qəhrəman
övladlarımıza Allahdan rəhmət diləyir, onların əziz xatirəsini
dərin ehtiramla yad edir, qazilərimizə şəfa arzulayırıq”.

Ziyarət zamanı şəhidlərin və qazilərimizin döyüş yolundan geniş
bəhs edilib, onların torpaq, Vətən sevgisinin tarixi Zəfərimizdə
əsas amil olduğu vurğulanıb.

Qazilər və şəhid ailələrinin üzvləri göstərilən diqqət və
qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Teqlər: