Xətai rayonunda Aprel döyüşləri şəhidlərinin ailələri ziyarət olunub (FOTO)

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası
Xətai rayon təşkilatının nümayəndələri rayon ərazisində yaşayan
Aprel döyüşlərində şəhid olmuş Vətən övladlarının ailələrini
ziyarət ediblər.

AzerTimes-ın məlumatına görə, ziyarətlər zamanı Xətai Rayon İcra
Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə
işin təşkili şöbəsinin müdiri Anar Məmmədov şəhidlərimizin keçdiyi
döyüş yolundan söhbət açaraq bildirib ki, Aprel döyüşləri
xalqımızın qəhrəmanlıq salnaməsidir: “2016-cı ilin aprelin
əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab
olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır
məğlubiyyətə uğratdı. Bu döyüşlərin ən böyük tarixi əhəmiyyəti
qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Lələtəpə
yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan
qaldırıldı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun
gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.”

Anar Məmmədov vurğulayıb ki, Vətən oğulları hər zaman dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini
gözləyirdilər: “44 günlük İkinci Qarabağ müharibəsində göstərilən
qəhərəmanlıq, şücaət bunun bariz nümunəsidir. 44 gündə 30 ilin
işğalına son qoymaq böyük hazırlığın, döyüş ruhunun, torpaq, Vətən
sevgisinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Bu
gün böyük fəxr hissi ilə qeyd edirik ki, torpaqlarımız tarixi
sahibindədir, azaddır və yenidən canlandırılır, dirçəlir.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət
diləyirik.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şəhidlərin
valideynlərinə belə vətənpərvər, dövlətini, xalqını, torpağını
sevən gənclər yetişdirdikləri üçün minnətdarlığını bildirib:
“Şəhidlər unudulmur. Azərbaycanın bugünkü və gələcək nəsilləri
onların qəhrəmanlığından nümunə götürəcəklər. Gənclərimizdə
vətənpərvərlik ruhunun Aprel döyüşlərində qazanılmış qələbədən
sonra daha da yüksəldiyini və hər an Ali Baş Komandanın əmrlərinə
hazır olduqlarını böyük əminliklə qeyd edə bilərik.”

Vüqar Rəhimzadə vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşləri
işğal altında olan torpaqlarımıza qayıdışın başlanğıcı, şanlı
Zəfərimizin müjdəsi kimi tariximizə şərəfli bir qələbə səhifəsi
kimi yazılıb: “Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı
azad etməyə hazır olduğunu işğalçı Ermənistana və ona havadarlıq
edən dövlətlərə nümayiş etdirdi.Vətən, torpaq uğrunda şəhidlik
zirvəsinə ucalan oğullarımız daim xalqımızın qəlbində yaşayacaq,
xatirələri əziz tutulacaq. Ölkə Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın şəhid ailələrinə, döyüş iştirakçılarına diqqət və
qayğısı böyükdür. Dövlətimizlə yanaşı, hər bir Azərbaycan vətəndaşı
şəhid ailələrini, qazilərimizi, döyüş iştirakçılarını diqqətdə
saxlayır və saxlayacaqdır.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Aprel qələbəsi
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atan
Azərbaycanın güclü, qüdrətli orduya malik olduğunu dünyaya nümayiş
etdirdi: “Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti
təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə
əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar
torpağını işğaldan azad etdi. Hər bir qələbə Ali Baş Komandan İlham
Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi “Azərbaycanın ərazi
bütövlüyünü bərpa edəcəyik” fikirlərinin reallıqda öz əksini
tapacağına inamı artırırdı. 2020-ci ilin sentyabr ayının 27-də
başlanan və 44 gün davam edən Vətən müharibəsi bunun təsdiqi oldu.
Hər zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
“Hücum!” əmrini gözləyən Vətən oğulları silaha sarılaraq düşməni
torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğaldan azad edilmiş
ərazilərimizdə dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa edərək
tariximizin Zəfər səhifəsini yazdılar. Aprel döyüşlərində təməli
qoyulan qələbəmiz Vətən müharibəsində əldə etdiyimiz tarixi
Zəfərimizlə işğal altında olan bütün torpaqlarımızın azad olunması
ilə nəticələndi. Azərbaycan xalqı torpaqlarına qovuşduğu üçün
qürurludur.”

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər.

Teqlər: