Xətai rayonunda 3 saylı uşaq evinin sakinləri ziyarət olunub (FOTO)

Martın 15-də – Novruz bayramı ərəfəsində Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatının sədri və Aparat
nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri rayon
ərazisindəki 3 saylı uşaq evinin sakinləri ilə görüşüblər.

3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova görüşdə dövlətin
uşaqlara diqqət və qayğısından geniş bəhs edib. Bildirib ki, müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev
hər zaman uşaqlara böyük qayğı ilə yanaşmış, onların sağlam
böyümələri üçün zəruri addımlar atmışdır. Ümumiyyətlə, Azərbaycanda
uşaq hüquqlarının qorunması prioritet məsələlər sırasındadır. 1
iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd
olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyev “Uşaqlar bizim gələcəyimizdir” söyləyərək
cəmiyyətin hər bir üzvünə onlara qayğı ilə yanaşmağa çağırışlar
edirdi: “Nəzərə alsaq ki, hər bir uşağın sağlam böyüməsi, mənəvi
sıxıntılardan uzaq olması üçün ailəyə ehtiyacı var. Bu halda
valideyn himayəsindən məhrum olmuş uşaqların hansı problemlərlə
üzləşdiklərini təsəvvür etmək çətin deyil. Baxmayaraq ki, dövlət bu
uşaqların qayğıdan kənarda qalmamaları üçün zəruri olan bütün
addımları atır, uşaq evlərinin fəaliyyəti və onlarda uşaqların
gələcək inkişafı üçün bütün imkanların yaradılması, ən əsası
onların valideyn nəvazişindən uzaq olduqlarını hiss etdirməmək üçün
yüksək qayğının təmin edilməsi həyata keçirilir, yenə də bu işdə
ailənin önəmi danılmazdır. Ailə kiçik dövlətdir. Bu kiçik dövlət
Azərbaycanın gələcəyi üçün hərtərəfli vətəndaş yetişdirir, onun
gələcəyinə təminat verir. Heydər Əliyev siyasi kursunu bütün
sahələrdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin
uşaqlara diqqət və qayğısının bariz nümunəsi 2009-cu ilin ölkəmizdə
“Uşaq İli” elan edilməsidir. Bununla yanaşı, Heydər Əliyev Fondunun
həyata keçirdiyi layihələrdə uşaqlara diqqət və qayğı əsas yer
tutur.”

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə
dövlətimizin uşaq siyasətindən geniş bəhs edərək bu istiqamətdə
atılan addımlardan, imzalanan Fərman və sərəncamlardan, təsdiqlənən
Dövlət proqramlarından, eyni zamanda, hər bir sahənin inkişafına,
cəmiyyətin idarə olunmasına xidmət edən qanunlardan bəhs edərək
bildirib ki, uşaqların sağlam ruhda böyüməsi onların necə tərbiyə
olunmasından asılıdır. Dövlətin valideyn qayğısından məhrum olan
uşaqları öz himayəsinə götürərək onların problemlərinin həllini
diqqət mərkəzində saxlaması və hərtərəfli şəkildə yetişmələri üçün
zəruri tədbirlər görməsi təqdirəlayiq haldır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Novruz
bayramında daha çox sevinən uşaqlar olur. Zəngin tarixi və
rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramının adətləri
uşaqlar üçün xüsusi maraq kəsb edir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında milli birlik,
həmrəylik, bolluq, bərəkət bayramı olan Novruzun insanlarda
yaratdığı xoş ovqatdan, yüksək əhval-ruhiyyədən bəhs edib. Bildirib
ki, Novruz gəlişi ilə ölkəmizə əmin-amanlıq, firavanlıq, səmimiyyət
gətirir. Bu gün Novruz sevincimizə sevinc qatan digər mühüm amil 44
günlük Vətən müharibəsində şanlı Qələbəmizdir. Tarixi Zəfərimizin
yaratdığı sevinc keçirilən tədbirlərin miqyasında da özünü aydın
şəkildə ifadə edir. Birliyimizi, həmrəyliyimizi özündə təcəssüm
etdirən Novruz bayramında uşaqlarla, ahıllarla bir arada olmaq,
onların qayğıları ilə maraqlanmaq, sevincimizi bir yerdə paylaşmaq
hər birimizi qürurlandırır. Çünki milli-mənəvi dəyərlərimizə,
adət-ənənələrimizə uyğun olaraq uşaqlara, böyüklərə diqqət və qayğı
hər birimizin vətəndaşlıq borcumuzdur.

Teqlər: