Xəstəxanaya yerləşdirilən Atambayevdə sətəlcəm aşkarlandı

Xəstəxanaya yerləşdirilən Atambayevdə sətəlcəm aşkarlandı

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev ikitərəfli sətəlcəm diaqnozu ilə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin istintaq təcridxanasından xəstəxanaya köçürülüb.

Bu barədə komitədən məlumat verilib. Bildirilir ki, Atambayev iyunun 29-da səhhətinin pis olmasından şikayətlənib, bununla əlaqədar olaraq ondan virus görə testlər götürülüb. Lakin cavab neqativ olub.

“Elə həmin gün həkimlərin onlayn müşavirəsi keçirildi, bundan sonra ona ikitərəfli sətəlcəm (pnevmaniya) diaqnozu qoyuldu. Bununla əlaqədar Atambayevin stasionar müalicə üçün xəstəxanaya köçürülməsi qərarı verildi”, – deyə məlumatda vurğulanır.

Xatırladaq ki, iyunun 23-də Bişkekin Pervomay Rayon Məhkəməsi Almazbek Atambayevi əmlakı müsadirə edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib. O, kriminal avtoritet Əziz Batukaevin qanunsuz olaraq sərbəst buraxılmasında və korrupsiya əməllərində təqsirləndirilir.

Eks-Prezident dəfələrlə ona qarşı irəli sürülən bütün iddiaların siyasi xarakter daşıdığını bildirib.